Taksidə qəzaya düşən SƏRNİŞİNLƏR: Onlara dəymiş zərəri kim ödəyəcək?

Taksidə qəzaya düşən SƏRNİŞİNLƏR: Onlara dəymiş zərəri kim ödəyəcək?

Taksi xidmətindən istifadə bir müddətdən çoxdur ki, hər kəs üçün əlçatandır. Hətta avtobusla qət etdiyimiz yolu, vaxtı hesablasaq, taksi ilə getməyin daha sərfəli olduğu qənaətinə gəlirik.

Lakin Bakının sıx, tıxaclı küçələrində qəza hallarının qaçılmaz olduğunu hər kəs bilir. Sözügedən halların səbəbkarı kimi sürücülərin də səhlənkarlığını hesaba qata bilərik.

Nəticədə başına gələcəklərdən xəbərsiz şəkildə maşın salonuna əyləşən sərnişin çox zaman zərərçəkən şəxs qismində olur. Elə şikayətçi İlahə Zeynallı kimi.

O, bir neçə gün öncə taksi şirkətlərinin birinə məxsus maşında qəzaya düşdüyünü deyir: “Mən dünən taksidə olarkən qəzaya düşmüşəm. Xəsarət almışam və kompensasiya ilə bağlı şikayətimi haraya, kimə edəcəyimi bilmirəm”.

Bu halda zərərçəkən nə etməlidir? Kompensasiya kimdən tələb olunmalıdır? 

Sığorta üzrə mütəxəssis İlkin İbrahimov Bizim.Media-ya açıqlamasında məsləyə aydınlıq gətirib. Onun sözlərinə görə, şəhərdaxili nəqliyyat vasitələrində sərnişinin sığortası aparılmır:

“Ölkəmizdə sərnişinlərin icbari sığortası deyilən sığorta növü var ki, bu məcburidir. Amma bu sığorta növü şəhərdaxili nəqliyyat vasitələrinə aid deyil. İcbari sığorta nə metro, avtobus, nə də taksidən şəhər daxili istifadə edən zaman sərnişinlərə qarşılamanı ödəmir. Bu sığorta növü şəhərlərarası, beynəlxalq nəqliyyat növlərinə aiddir. Məsələn sərnişin Bakıdan və digər şəhərlərdən başqa bir rayona, ölkəyə gedirsə bu zaman ona icbari sığorta tətbiq olunur. Eyni zamanda bu qayda hava nəqliyyatına da aiddir”.

Mütəxəssis həmçinin sərnişinə dəymiş zərərin kompensasiyasının zərərvuran tərəfin sığorta şirkəti vasitəsi ilə ödənildiyini bildirib:

“Əgər maşında sürücünün qohumları olmayan şəxslərdirsə, xəsarət aldıqları təqdirdə sığorta şirkətindən zərərvuran tərəfin sığorta şirkətinə müraciət edərək, kompensasiyalarını ala bilərlər. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasına görə, kompensasiyalarının məbləği müvafiq olaraq, yüngül xəsarətə 750 manat, az ağır 1500 manat, ağır 1500 manat əlavə 3 il müddətinə əllilik dərəcəsi təyin olunarsa, ümumilikdə 3000 manat, ölüm zamanı isə 5000 manat kimi müəyyən olunur. Kompensasiyanın maksimal məbləği isə 50000 manatdır”, - deyə İ.İbrahimov qeyd edib. 

“Bumeranq” taksi şirkətindən (9333) Bizim.Media-ya verilən açıqlamada isə şirkət taksisi qəza törətdiyi təqdirdə, onlar sərnişinə heç bir kompensasiya ödəmir: 

“Şirkətimiz sərnişinləri sığortalamır. Sürücülər öz şəxsi avtomobillərini sığortalayır və qəza törətdikləri zaman həmin sığorta şirkəti vasitəsilə sərnişinə dəymiş zərər kompensasiya olunur”, - deyə şirkətdən bildirilib.